5-ci Regional İnternet İdarəçilik Forumu
“İnnovasiya və Tərəqqinin Açarı İnternet” 07 Dekabr 2017

AZ | EN
Qeydiyyat

Azərbaycan


Azərbaycan – Qədim Odlar Diyarı

Azərbaycan coğrafi addır. Bu ad, bir tərəfdən, bu ərazidə eradan çox-çox əvvəl yaşayan əhalinin əksəriyyətinin atəşpərəst olması ilə bağlıdır. Yəni, bu ərazidə yaşayan əhali odu Allah sayır, oda tapınırdı. "Azər" - od, atəş deməkdir. Digər tərəfdən isə, Azərbaycan ərazisində qədim zamanlarda yaşamış türk soylu "Azər" boyunun adı ilə bağlıdır. "Azər" - "az" və "ər" tərkibindən ibarətdir. Türk dillərində "az"ın yaxşı niyyət, uğurlu tale kimi anlamları var. "Azər" - yəni "ər kişi", "ər oğlu", "od qoruyan" deməkdir. Deməli "Azərbaycan" bu ərazidə yaşayan qədim türk dilli qəbilənin adından əmələ gəlmişdir.

Azərbaycan unikal coğrafi, geosiyasi və iqlim xüsusiyyətlərinə malik bölgədir. Hazırda Azərbaycan Respublikasının ərazisi cəmisi 86,6 min km² - dir, lakin burada 11 əsas iqlim qurşağından 9-na rast gəlinir. Məsələn, isti və quru Abşeronda iqlim əsrlər boyu salınan park və bağlar hesabına yaxşılaşır, təbii landşaft isə yalnız yazda otla örtülən yarımsəhra tipli olur. Respublikanın digər bölgələrində çoxlu bulaq vardır, dumduru yerlatı su xüsusi kəhrizlər sistemi vasitəsilə üzə çıxarılır. Alp zonalarında və relikt ağac növlü meşələrdə hətta yayda belə yağışlar yağır. Azərbaycanda geniş çöllər və yüksək sıra dağlar da vardır. Onların zirvəsi alpinistləri, turistləri, bütün təbiət vurğunlarını cəlb edir.

 


Azərbaycanda çoxlu müalicəvi, mineral və termik bulaqlar, o cümlədən,  müalicəvi palçıq və neft vardır. Bunlar Abşeron yarımadası, Quba-Xaçmaz-Nabran, Şamaxı–İsmayıllı, Masallı–Lənkəran, Balakən–Zaqatala, Şəki–Qəbələ, Naxçıvan, Gəncəbasar bölgələrində yayılmışdır. Azərbaycanda 12 qoruq, 17 yasaqlıq və 9 milli park vardır. Bunlar respublika ərazisinin 2,4 % -ni təşkil edir və Azərbaycanın bütün əsas iqlim qurşaqlarına aiddir. Bu gün mühafizə olunan təbii zonaların genişləndirilib 10%-ə çatdırılması istiqamətində böyük işlər aparılır.

9 milli park ( Zəngəzur, Şirvan, Ağ göl, Hirkan, Altıağac, Abşeron, Şahdağ, Göygöl, Samur -Yalama Milli Parkları ), 15 təbii qoruq və 2000-dən artıq ağac (yaşı 100-dən 400 ilədək) "Azərbaycanın təbii ehtiyatları" dövlət siyahısına daxil edilmişdir (2004). Bu sənəd, həmçinin 37 geolojı və paleontoloji obyekti, sahəsi 15 000 ha-dan çox endemik və relikt bitkili meşələri əhatə edir. Relikt flora siyahısına çinar (yaşı 100 – 500 il), dzelkua ağacı (yaşı 250 -400 il), püstə ağacı (yaşı 250-400 il), karkas ağacı (yaşı 300-600 il) , həmişəyaşıl şümşad (yaşı 200- 300 il), qara qoz ağacı (yaşı 200-300 il) daxildir.

Paleontologiya obyektli təbiət abidələrinə Azıx mağarası (burada Paleolit dövrünə aid ibtidai insan düşərgəsi aşkar edilmişdir) kimi 9 mağara daxildir. Binəqədi asfalt gölü (təqribən 260 növ relikt flora və fauna qalıqlarından ibarət çox zəngin düşərgə), həmçinin Təngə mərmər dərəsi, Vəlvələçay üzərində yerləşən Afurca şəlaləsi, palçıq vulkanları və s. kimi unikal geolojı əmələgəlmələr mövcuddur.

Ərazisi 

86.6 min km² - dir (12% meşələr, 1.7% su hövzəsi, 54.9% yararlı torpaqlar, o cümlədən, 31.1 % otlaq və biçənəklər, 31.4% sair torpaqlar). Ölkə 44° və 52° şərq uzunluq dairəsi, 38° və 42° şimal en dairəsində yerləşir, Bakı şəhəri isə 40° paralel üzərindədir. 
  
Bakıdan şimal qütbünə qədər olan məsafə 5550 km, ekvatora qədər olan məsafə isə 4440 km - dir.  
  
Böyük göllər ( km² ) 

Sarısu-67.0

Ağgöl-56.2

Ağzıbirçala-37.0 

Mehman-35.0  

Qonşuları 

Azərbaycan Cənubdan İranla 756 km və Türkiyə ilə 13 km, şimaldan Rusiya ilə 390 km, şimali-qərbdən Gürcüstan ilə 480 km, qərbdən Ermənistan ilə 1007 km həmsərhəddir. 
  
Xəzər dənizinin Azərbaycan sektorunda ən enli sahəsinin uzunluğu 456 km-dir.

 


Böyük adalar ( km² ) 
Pirallahı - 14.4 
Çilov - 11.5 
Xərə-Zirə - 3.5 
Böyük-Zirə - 1.4 

Böyük çaylar (km)
 
Kür - 1515 

Araz - 1072 

Alazan ( Qanıx ) - 413

İori ( Qabırrı ) - 389

Samur - 216

Tərtər - 200

Ən yüksək dağ zirvəsi 
Bazardüzü - 4466 m.

Əhali: 9.235.1 (2012). 52.9% - şəhər sakinləri, 47.1% - kənd sakinləri.

Din: İslam

Paytaxt: Bakı

Saat qurşağı:  GMT + 4 saat

Pul vahidi: Azərbaycan manatı (AZN) (1 manat = 100 qəpik )

İnternet domeni: .az

Beynəlxalq telefon kodu: +994

Elektrik cərəyanı: 220V, 50 Hz.