5-ci Regional İnternet İdarəçilik Forumu
“İnnovasiya və Tərəqqinin Açarı İnternet” 07 Dekabr 2017

AZ | EN
Qeydiyyat

Tarix

Azərbaycan çoxəsrlik tarixi, mədəniyyəti, adət və ənənələri olan heyrətamiz bir ölkədir. Müasir azərbaycanlıların əcdadları müxtəlif sivilizasiyalara və mədəniyyətlərə mənsubluq elementlərini çox ahəngdar şəkildə özlərində cəmləşdirmişdir. Qədim dövrə aid bir sıra arxeoloji və memarlıq abidələri zamanın keşməkeşlərindən salamat çıxaraq zəmanəmizə qədər qorunub saxlanılmışdır.

Azərbaycanın qədim tarixi arxeoloji, etnoqrafik, antropoloji və yazılı qaynaqlar əsasında yazılır. Arxeoloji qazıntılar zamanı aşkar edilmiş əşyalar Azərbaycanın maddi-mədəniyyət tarixini öyrənməyə imkan vermişdir. Tarixi qaynaqlar və ekspedisiyalar zamanı toplanan etnoqrafik materiallar əsasında adət-ənənələr, maddi-mənəvi mədəniyyət, keçmiş idarə formaları, ailə münasibətləri və s. öyrənilir.

Azərbaycan ərazisi bu diyarın dünyanın ən qədim insan məskənlərindən biri olduğunu sübut edən arxeoloji abidələrlə son dərəcə zəngindir. Azıx, Tağlar, Damcılı, Daşsalahlı, Qazma (Naxçıvan) mağaralarında, habelə başqa abidələrdə aşkar olunan arxeoloji tapıntılar, o cümlədən, 300-400 min il bundan əvvəl yaşamış Daş dövrünə aid qədim insanın - Azıx adamının (Azıxantrop) tapılmış çənə sümüyü Azərbaycanın ibtidai insanların formalaşdıqları əraziyə daxil olduğunu sübut edir.

Azərbaycan xalqı, eyni zamanda, dünyanın ən qədim dövlətçilik ənənələrinə malik olan xalqlarındandır. Azərbaycan xalqı təqribən 5 min illik dövlətçilik tarixinə malikdir. İslam dininin qəbul olunması ilə Azərbaycanın tarixi müqəddəratında əsaslı dönüş yarandı. İslam dini vahid xalqın və dilin təşəkkülünə güclü təkan verərək, bu prosesin sürətlənməsinə həlledici təsir göstərdi. 1918-ci il mayın 28-də Şimali Azərbaycanda Şərqdə ilk demokratik respublika - Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı. Azərbaycan xalqının tarixində ilk Parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyəti, eyni zamanda, bütün Şərqdə, o cümlədən, türk-islam dünyasında ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi olmuşdu.

Xalqın mənəvi aləminin maddi təcəssümü olan qədim qaya təsvirləri, yazılar, manuskriptlər, xalça naxışları həssas qəlbli, mədəni şüurlu, elm adamlarına və sadə insanlara çox şeydən xəbər verir. Azərbaycanın çox qədim mədəniyyətə malik bir ölkə olması barədə dərin təəssürat yazılı və şifahi tarixin çoxsaylı faktlarına söykənir. Uzaq keçmişdə Azərbaycana köçüb gəlmiş Oğuz tayfaları burada zəngin yerli mədəniyyətlə qarşılaşmışlar. Bu görüş əsrlər boyu mədəniyyətlərin sintezinə səbəb olmuş, “Kitabi-Dədə-Qorqud”, “Oğuznamə”, “Koroğlu” kimi epik-monumental yaradıcılıq nümunələrində əks olunmuşdur.

Azərbaycan dünyaya neçə-neçə mütəfəkkir, alim, şair, memar, musiqiçi və rəssam bəxş etmişdir. Odun, atəşin, Günəş işığının qüvvəsini tərənnüm edən bənzərsiz Zərdüşt bu diyarda doğulmuşdur. Azərbaycan bəşəriyyətə Nizami Gəncəvi, Xaqani Şirvani, Bəhmənyar, Nəsimi, Füzuli, Nəsirəddin Tusi, Şah İsmayıl Xətai, Molla Pənah Vaqif, Abbasqulu ağa Bakıxanov, Mirzə Fətəli Axundov, Mirzə Ələkbər Sabir, Cəlil Məmmədquluzadə, Hüseyn Cavid, Cəfər Cabbarlı, Səməd Vurğun, Rəsul Rza, Əliağa Vahid kimi sənətkarların əsərlərini bəxş etmişdir.

Bu diyarın təbiəti, insanları Səttar Bəhlulzadə, Tahir Salahov, Toğrul Nərimanbəyov, Mikayıl Abdullayev və başqa istedadlı fırça ustalarının əsərlərində öz təcəssümünü tapmışdır.

Üzeyir Hacıbəyov, Müslüm Maqomayev, Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Arif Məlikov kimi görkəmli bəstəkarlar, ecazkar səsə malik olan Bülbül, Rəşid Behbudov, Lütfiyar İmanov və başqa müğənnilər muğamlardan, musiqi folklorundan bəhrələnmişlər.

Azərbaycan xalçaları xalqımızın tarixi məişəti və varlığının əsl xəzinəsi, mənalar semantikası və rəmzlər semiotikasıdır. Onlar zaman və məkan sərhədi tanımır, dünyanın bir sıra ölkələrinin muzeylərində bu xalçalara rast gəlmək olar. Həmin muzeylərdə keramika, ipək və ağacdan hazırlanmış dekorativ sənət nümunələri də saxlanılır.

Azərbaycan elminin və maarifinin çoxəsrlik tarixi var. 1919-cu ildə Bakı Dövlət Universitetinin açılması, 1945-ci ildə Azərbaycan Elmlər Akademiyasının təsis edilməsi Azərbaycan xalqının ictimai şüurunda unudulmaz mərhələlərdir. Onlar vətənpərvərlik hissləri tərbiyə edir ki, bu da Azərbaycan dövlətçiliyinin yeni keyfiyyət kəsb etdiyi bir dövrdə çox mühüm amil hesab olunur. Ölkəmizin alimlərinin indiki nəsli sələflərinin zəngin yaradıcılıq təcrübəsini mənimsəmişdir və indi sosial-humanitar elmlər və təbiət elmləri problemlərinin geniş spektri ziyalılarımızın diqqət mərkəzindədir. Azərbaycan elminin prioritetləri sayılan Xəzərin, kosmosun öyrənilməsi, insan beyninin sirləri və başqa məsələlər innovasiya strategiyasının həyata keçirilməsində Azərbaycan dövlətinin həlledici rol oynadığını dərk edən dövlət xadimlərinin diqqət mərkəzindədir.

Onlarca ali məktəb və texnikum, minlərlə məktəb, kollec və lisey, çoxsaylı dini məktəblər – bunlar Azərbaycanın müasir təhsil sisteminin fenomenləridir. Bu sistem daim müasir dünyada təhsilin müstəsna rolunu nəzərə alan dövlətin qayğısına ehtiyac duyur.

Dövlət və ictimai əhəmiyyətli ən vacib problemlərdən biri də Azərbaycanın müxtəlif regionlarının və Xəzərin ekologiyası ilə bağlıdır. Ölkədə onlarca qoruq zonası yaradılmışdır – Qızılağac, Şirvan, Zaqatala, Ağgöl, Hirkan və başqaları.

XX yüzillikdə Azərbaycan kənd təsərrüfatı – müasir elmi texnoloji nailiyyətlərə əsaslanan pambıqçılıq, üzümçülük, tərəvəzçilik və heyvandarlığın inkişafında xeyli uğur qazanmışdır.

Sənayeləşdirmə fəlsəfəsinin və praktikasının məhsulu olan Azərbaycan iqtisadiyyatı, haqlı olaraq, millətin qürur mənbəyinə çevrilmişdir. Onilliklər boyu neftçıxarma, neftkimyası və neftayırma sahələri müasir sənayenin nümunələri olmaqla yanaşı, həm də insani münasibətlərlə bağlı problemlərin qoyuluşu və həlli nümunələri olmuşdur.

XX əsrin əvvəlində bütün dünyada çıxarılan neftin yarıdan çoxu Bakı neft əyalətinin payına düşürdü. Məhz neftin sayəsində Bakı Avropanın və Amerikanın ən gözəl şəhərləri səviyyəsinə çıxmışdı. Neft Eldoradosu Avropanın, Rusiyanin və Şərqin istedadlı memarlarını buraya cəlb edirdi. Beləliklə, Bakının bənzərsiz simasında qotika, barokko, “Mavritaniya” üslublu və Abşeron memarlıq məktəbinə xas olan möhtəşəm sadəlik birləşməsi nəticəsində Bakı “eklektikası” yaranmışdır.

Çox böyük həcmdə iqtisadi, sosial, mədəni və insan kapitalı çoxmillətli Bakının təkrarsız və bənzərsiz həyat tərzini yaratmışdı. Əsrlərin qovuşuğunda xeyriyyə cəmiyyətləri və maarif ocaqları təsis edilməyə başlanmışdı. Bu cəmiyyətlərin vəsaiti işləri uğurla gedən neft sənayeçilərinin və ticarətçilərin ianələrindən ibarət idi. Onları buna sövq edən isə yaxşılıq və mərhəmət barədə tövsiyyələrlə dolu olan islam və xristian dəyərləri idi.

Onu da xatırlatmaq lazımdır ki, bütün dünyada məşhur olan Nobel mükafatı fondunun təməli məhz Bakıda qoyulmuşdur. Mesenat və ictimai xadim Hacı Zeynalabdin Tağıyevin nəcib obrazı xalqın yaddaşında həmişəlik qalmışdır. Xeyriyyəçilik işində Ağa Musa Nağıyev, Şəmsi Əsədullayev, Murtuza Muxtarov və başqaları da mühüm rol oynamışdılar. Bu insanların ayırdıqları şəxşi vəsait ilə yeni ictimai binalar tikilmiş, gimnaziyalar və ibtidai məktəblər açılmış, milli teatr inkişaf etmiş, səhiyyə və maarif xidmətləri genişlənmiş, parklar salınmış, şəhərin su təchizatı yaxşılaşmışdır. Mesenatlar istedadlı gəncləri Rusiyanın və Avropanın qabaqcıl universitetlərində təhsil almağa göndərirdilər.