5-ci Regional İnternet İdarəçilik Forumu
“İnnovasiya və Tərəqqinin Açarı İnternet” 07 Dekabr 2017

AZ | EN
Qeydiyyat

Bakı haqqında

Bakı - müstəqil Azərbaycan Respublikasının paytaxtı, böyük elmi-mədəni və sənaye mərkəzidir. Bakı qədimliyinə, ərazisinin böyüklüyünə və əhalisinin sayına görə Şərqin qocaman və ən böyük şəhərlərindən biridir. Bakı şəhəri Abşeron yarımadasının cənubunda, Xəzər dənizinin sahilində yerləşir, ərazisi 2200 kv km, əhalisinin sayı 2 milyona yaxındır. Bundan başqa hazırda Bakı şəhərində erməni qəsbkarlarının işğal etdiyi rayonlardan və Ermənistan Respublikasından qovulmuş 500 minə yaxın qaçqın və məcburi köçkünlər yaşayır.

Bakı şəhərində və Abşeron yarımadasında insanlar çox qədim zamanlardan məskunlaşmış və burada yaşayış məntəqələri yaratmışlar. Bakı haqqında ilk dəfə eramızdan 3500 il əvvəl birinci Misir fironu Menesanın dövründə "Ölülər Kitabında" qeyd edilmişdir. Eləcə də Bakının qədim şəhər olmasını Abşeronda və Qobustanda 12 min il tarixi olan daş üzərində yazmalar, arxeoloji tapıntılar, eyni zamanda, eramızdan əvvəl I əsrdə Roma imperatoru Pompeyin və Lukullun Zaqafqaziyanın işğalı məqsədilə Bakının ətrafında (40 km cənub istiqamətində) saldıqları hərbi düşərgələr barəsində Avqust Qay Oktavi tərəfindən yazılmış daş yazısı sübutdur. Bu tarixləri nəzərə alsaq, bu gün Bakının 5,5 mindən çox yaşı vardır.

Bakı əsas sənaye mərkəzidir. Bakı ətrafı ərazilərdə neft çıxarma, maşınqayırma və tikinti materialları (daş karxanaları, sement, əhəng) istehsal edən müəssisələr var, həmiçinin burada kimya sənayesi, yüngül sənaye, inşaat materialları, elektrotexnika kimi sahələr də inkişaf etmişdir. Şəhərin yaxınlığında bir neçə palçıq vulkanı (Keyrəki, Bozdağı, Lökbatan və digərləri), mineral mənbələr (Şıx, Suraxanı), və duz gölləri (Boyükşor, Xocasən və digərləri) yerləşir.

Bakı Azərbaycanın ən böyük mədəniyyət mərkəzidir. Müsəlman Şərqində ilk dəfə məhz burada ilk milli teatr açılmış, ilk opera səhnəyə qoyulmuş, ilk Azərbaycan qəzeti nəşr olunmuş və Azərbaycanda ilk kitabxananın əsası məhz Bakıda qoyulmuşdur. Bugün Bakıda 30 muzey, 7 teatr, 11 ali təhsil ocağı, filarmoniya, opera teatrı, kino studio, kino teatrlar və ölkənin ən gözəl binalarında yerləşən kitabxanalar vardır.

Bakı şəhərində və Abşeron yarımadasında yayda quru isti, qışda isə qısa mülayim hava şəraiti müşahidə olunur. Güclü şimal küləyi- “Xəzri” və cənub küləyi –“Gilavar” Bakı üçün xarakterikdir.

Bakı özündə 11 inzibati rayonu, 5 şəhər tipli qəsəbəni birləşdirir.